Biri vardı, biri yoxdu, balaca bir oğlan vardı. Balaca oğlan o qədər çoxbilmiş idi ki, çoxbilmişliyindən boyu balaca qalmışdı. Boyu da o qədər balaca idi iki, adına Cırtdan deyirdilər. Cırtdan boyda balaca olsa da ağılda böyük idi. Bu balaca oğlan o oğlan idi ki, ağlı ilə Divə qalib gəlmişdi. Bu Cırtdan o Cırtdan idi ki, qorxulu İfritə kələk gəlib onu quyuya salmışdı. (Cırtdanla İfritin nağılı Sehrli Dünya jurnalının 6-cı sayındadır). Hə bu Cırtdan elə həmin Cırtdandır.
Bir gün Cırtdan yuxudan oyandı. Əl üzünü yumaq üçün arxa getdi. Gördü arx elə quruyub, elə quruyub, elə bil burda heç su olmayıb. Nənəsini səslədi:
- Nənə, ay nənə!
- Nədi, a başına dönüm!
- Nənə, arxın suyu niyə quruyub?
- Bala, demə, başımıza bəla gəlib!
- Nə olub ki?
- Bu il, kəndimizin məhsulu çoxdu. Camaatın bağları meyvə ilə doludur. Küpəgirən qarı paxıllığından bilməyib neyləsin, İfritlə birləşib, camaatın başına oyun açır. Xəbər göndərib ki, hər kəs bağının meyvəsinin yarısını bizə göndərməlidir. Yoxsa, kəndə gələn suyu kəsəcəyik, kənd susuz qalacaq, bağlarınız quruyacaq. İndi də, suyu kəsiblər, kənd susuz qalıb. Yaxınlıqda da heç yerdə su yoxdur. Quzular sususluqdan mələr qalıb, körpə uşaqlar şirin çaysız qalıb.
- Bəs kənddə bir pəhləvan yoxdur ki, gedib suyu açsın, onları da qovsun?
- Var bala, niyə yoxdu? Amma onlar sehrbazdılar, cadugərdilər, gedəni tilsimə salırlar, daşa döndərirlər, yox edirlər. Üc qardaş pəhləvanımız vardı – Əhmədəli, Məmmədəli, Həsənəli. Neçə gündü gediblər suyu açsınlar, yoxa çıxıblar.
- Necə yoxa çıxıblar, nənə?
- Deyirlər İfritlə Küpəgirən qarı onları tilsimə salıb, daşa döndərib.
- Nənə, susuz qalmaq olmaz. Gedirəm suyu açım!
- Yox, a bala, getmə! Sən bu balaca boyunla onlara bacarmarsan!
- Nə olar, olar.Mən Divin başına açdığım oyunu onların da başına açacağam. İfritlə, Küpəgirən qarının başına elə oyun açım ki… Sən bircə mənim yoluma yağlı tikə tut!
Nənə nə qədər elədi, Cırtdan qulaq asmadı:
- Nənə, öldü var, döndü yoxdu, - dedi.
Nənənin əlacı kəsildi, deyinə-deyinə Cırtdana dörd tikə düzəltdi.
- Nənə, niyə bu qədər çox tikə qoyursan?
- Birini özün yeyərsən, üçünü əjdahaya verərsən.
- Hansı əjdahaya, nənə?
- Çayın içərisində əjdaha yaşayır, çayın suyunu pislərdən qoruyur, rastına çıxsa, o biri tikələri ona verərsən.
- Yaxşı nənə! – Deyib, Cırtdan yağlı tikələrini də, çayın suyunu açmaq üçün belini də götürüb, yola düsəldi.
Cırtdan az getdi, çox getdi, qurumuş arxın izi ilə gedib çaya çatdı. Gördü ki, çayın kəndə tərəf axan qolunun qarşısına çoxlu daş, torpaq töküb suyun yolunu kəsiblər.
Cırtdan istidə yol gəlib yorulmuşdu. Fikirləşdi: Bir az dincəlim, yeməyimi yeyim, sonra durub işə başlaram, suyun qarşısını açaram!”.
O, çayın suyundan doyunca içdi, yuyundu. Bir kölgədə oturub yağlı tikəsini ləzzətlə yedi. Cırtdan gördü jox, nənəsi düzəldən yağlı tikə yaman dadlıdır, əjdahanın payından birini də yedi. Cırtdan yağlı tikələrini təzəcə yeyib qurtarmışdı ki, gördü çayın suyu çalxalandı, coşdu, köpükləndi, suyun içərisindən üçbaşlı bir əjdaha çıxdı. Cırtdan əvvəlcə çox qorxdu. Amma sonra nənəsinin sözləri yadına düşdü ki, əjdaha xeyirxah əjdahadı, adamlara dəymir.
Yağ tikələrini əjdahaya verdi. Ortadakı danqabaşa tikə çatmadı. O küsdü, qaşqabağını salladı. Cırtdan onun payını yediyinə peşman oldu:
- Mən gedib sənə yağlı tikə gətirərəm, dedi. Ondan sonra Danqabaşın kefi açıldı.
Əjdahalar yeyib qurtarandan sonra dedilər:
- Oğlan, hardan gəlib, hara gedirsən?
Cırtdan dedi:
Küpəgirən qarı ilə İfrit kəndimizin suyunu kəsib, gəlmişəm açam!
Əjdahanın üç başının üçü də birdən cavab verdi:
- Suyu biz kəsmişik!
- Bizim suyumuzu niyə kəsmisiz, axı camaat susuz qalıb…
- Hirslənmə, Cırtdan! Küpəgirən qarı ilə İfrit bizi aldadıblar. Onlar deyirdilər ki, kəndi su basır, suyun qarşısını kəsmək lazımdır. Biz də kəsdik!
- Onlar həm yalançı, həm də acgözdürlər. Siz də eləsinə inanıb kəndin suyunu kəsmisiz.
- Bu saat kəndin suyunu açarıq!
Əjdaha quyruğu ilə daşlara necə ilişdirdisə, daşlar suyun dibinə dağıldı, bir anda su kəndə səmt axdı. Cırtdan sevindi, elə istəyirdi kəndə qayıtsın, bir də baxdı Küpəgirən qarı Süpürgəsini minib ildırım sürəti ilə gəlir. Çatan kimi cumdu Cırtdanın üstünə. Üçbaşlı əjdaha quyruğunu qaldırıb Küpəgirən qarını elə vurdu ki, Küpəgirən qarı süpürgəsiz uçdu. Cırtdan elə təzə özünə gəlmişdi ki, torpaq aralandı, bu dəfə torpağın altından bədheybət İfrit çıxdı. İfrit bağırdı:
- İndi mən səni torpağın altına apararam, orda doyunca gülərsən. Cırtdan yerindəcə donub qaldı. İfrit Cırtdanın üstünə cumanda Üçbaşlı əjdaha quyruğunu qaldırıb İfritin başından elə vurdu ki, İfrit təzədən torpağa girdi. Bu dəfə Cırtdan o qədər güldü ki, sancılandı. Daha durub kəndə getməyə halı qalmadı. Əjdaha dedi:
- Dayan, səni qısa yolla kəndə göndərək!
- Necə ?
- İndi görərsən!
Əjdaha bir ağac götürdü. Cırtdanı ağacın üstünə qoyub suya buraxdı.
- Çox sağ ol, Üçbaşlı əjdaha! – dedi Cırtdan.
Çay axıb Cırtdanı kəndə gətirdi.
Kənd camaatı daxdı ki, budu haaaa, Cırtdan da su ilə birlikdə axıb gəlir.
Hamı sevindi. Nağıl da qurtardı. Göydən alma yox, su axdı, hamının başına su töküldü, yəni yağış yağdı. Yağış hər yana su səpdi, bütün bağları, bağçaları suladı, paxıl düşmənlərin acığına lap çox meyvə gətirdi. Hamı yedi, arzu-muradına çatdı, biz də səninlə bütün arzularımıza çataq!