
“Oğul”, - dedi mənə Vətən
Yaralandı, bir gün Vətən
Qarşısında diz çökdüm mən,
Vətənimə dəyən güllə
Sancıldı düz ürəyimə,
Həm də məni yaraladı,
Ürəyimi paraladı.
Ürəyim yaman ağrıdı
Vətən dərdi çox ağırdı,
Bir səs gəldi ürəyimdən,
Qurban olum sənə Vətən!
Dedim Vətən, lazım olsa,
Sənə qanımı verərəm,
Lazım gəlsə canımı da
Səndən əsirgəmərəm!
Belə deyib sızladım,
Vətənimi əzizlədim
Oxşadım.
Ürəyindən gülləsini
Dişlərimlə çıxartdım,
Vətənimin yarasını
Əllərimlə bağladım.
Gecə -gündüz keşiyində
Dayandım, oyaq qaldım,
Sızıltısına “can” dedim
Yarasına qurban dedim,
Yuxusuz günlər keçirdim
Hədər getmədi zəhmətim!
Bir gün Vətən ayıldı
Yaraları sağaldı
Başı üstə görüb məni
Başımı tumarladı
“Oğul” - dedi, mənə Vətən
Ağladım sevincimdən!