
Bir Cəngi meşəsində bütün heyvanlardan var idi. Burda sultan ağıllı Şir şah idi deyə, heç bir heyvan bir-birinə dəyməz, hamı mehriban dolanardı.
Bir gün bu meşəyə Afrikadan bir Zürafə köçüb gəldi. Gəldi deyəndə, onu sirk üçün alıb gətirmişdilər. Sirkdə heç bir tamaşada oynaya bilmədi, qəfəsdə də darıxdı, gətirib meşəyə buraxdılar.
Qərib Zürafəyə hamı birtəhər baxırdı. Onun boynu çox uzun idi. Özü də boynunu dik tutub gəzirdi deyə lap hündür görünürdü. Bu, ətrafdakılara lovğalıq kimi görünürdü. Heyvanlar və quşlar hələ bu vaxta qədər belə ədabaz heyvan görməmişdilər. Ona görə zürafə-dən xoşları gəlmir, heç kəs onunla dostluq eləmək istəmirdi. Zürafə həmişə tək gəzirdi. Qonşuluğunda ağacda yuva salmış Qarğa qarıldayaraq bütün günü onun arxasınca qeybət qılırdı:
- Buna bax, yenə getdi ağacların yarpaqlarını yeməyə. Bütün yarpaqları yeyir, ağaclar çılpaq görünür.
O biri heyvanlar deyirdi:
- Qarğa, az onun-bunun dalınca qarılda, ac qalmayacaq ki, yeməlidir də...
- Yesin, demirəm yeməsin, amma bir işə-gücə də yarasın. – Belə deyib Qarğa Zürafəni hamının gözündən salmağa çalışırdı.
Bir gün hamı bayrama hazırlaşırdı. Meşədə bayram keçiriləcəkdi. Bayrama çağrılanların siyahısında Zürafənin adı yox idi. Çünki Qarğa gizlincə onun adını silmişdi.
Hamı yığıldı, bayrama bir gün qalmış hər yanı bəzədilər. Ağaclara rəngli oyuncaqlar, şarlar, lampalar taxdılar. Bayrama lap az qalmış möhkəm bir külək başladı. Külək elə güclü əsdi, bütün bəzəklər yerə töküldü. Hətta Qarğanın balası da yuvasından yerə düşdü. Bala qarğa hələ uça bilmirdi deyə, külək onu asanlıqla yerə sala bildi. Ana da yuvada yox idi ki, balasının dadına yetsin.
Amma bu zaman qonşuluqda yaşayan Zürafə boynunu elə sürətlə bala qarğaya səmt uzatdı ki, balacığaz yerə yox, zürafənin boynuna düşdü. Heyvanlar bir yerə yığışmış, pərt-pərt yerə yökülmüş oyuncaqlara baxırdılar. Bunu görəndə hamının kefi açıldı. Onlar Zürafəni alqışladılar. Zürafə bala qarğanı yuvaya qoydu.
Bu vaxt ana qarğa da uçub gəldi. O, uzaqda yaşayanları bayrama çağırmağa getmişdi. Görəndə ki, hamı Zürafəni alqışlayır, məəttəl qaldı. Yuvaya qonub balasından soruşdu:
- Burda nə baş verib? 
- Zürafə məni xilas elədi! – Deyib, bala qarğa hər şeyi olduğu kimi danışdı. Qarğa sevindiyindən balasını öpüb ağladı. Uçub Zürafənin qarşısında yerə qondu, dedi:
- Sağ ol, mənim balamı xilas eləmisən! Sən xeyirxahmışsan, səni tanımamışam, bağışla!
- Mənim yerimə kim olsaydı, belə edərdi!
Külək dayanan kimi hamı dağılışmaq istədi. Zürafə dedi:
- Dağılışmayın, mən indi oyuncaqları asaram, bayram keçirərik! – O, belə deyib az vaxtda bütün oyuncaqları, lampaları yerinə asdı. Çox şən, maraqlı bir şənlik keçdi. Şir şah da şənliyə gəlmişdi. Bütün olanlardan xəbər tutub o, Zürafəyə “hörmətli Zürafə”, adı verdi.