Dovşanovlar ailəsi

Müəllif: Gülzar İbrahimova

Dovşanovlar ailəsi tərəvəzi sevir, əkib-becərməyi də xoşlayırlar. Onların böyük bostanı, dörd dovşan balasının hərəsinin öz əkin sahəsi var. Hərə də istədiyini əkir.
Təkcə sonbeşik dovşan Ayşandan başqa. Hamı onu çox istədiyindən Ayşan ərköyünləşmişdi.
Əkin vaxtı çatmışdı. Ata dovşan sahəni qazıb qurtaran kimi elan elədi:
- Nurşan, Gülşan, Kökşan, Şənşan! Əkin sahəsi hazırdır, nə istəyirsiz, əkin. Ayşan, sən də böyümüsən, bu ildən sən də əkinə başla! Bilmədiyini soruş!
- Hər şeyi bilirəm, - deyə Ayşan lovğa-lovğa cavab verdi.
- Ayşan, nə əkəcəksən?  ̶  Ondan soruşdular.
-  Hər şey! Kök, kələm, turp, lobya, noxud.
Ayşan sevindi. Ata ona balaca bostan düzəltmişdi.
Ana dovşan balasına balaca bel, dırmıq, susəpən hədiyyə elədi.
Ayşan işə başlayan kimi böyük bacı və qardaşları qaça-qaça gəldilər ona məsləhət versinlər:
- Torpağa toxum səpməmişdən onu şumla. Bostanı tez-tez suvarma, xarab olar! – Nurşan dedi.
- Ayşan, sabah çiyələkləri alaq eləyərsən! –  dedi Kökşan.
- Sənin yerində olsam, bir az gül-çiçək də əkərəm. –  Gülşan dedi.
- İlbizləri topla, çiyələyi  yeməsinlər, – dedi Şənşan.
Ayşan lovğalığından qalmadı: 
- Elə bil mən ağılsızam, elə hey mənə ağıl verirsiz. Mən böyüyəm, hər şeyi də bilirəm. Köməyinizə ehtiyacım yoxdur! – deyib hamını acıladı. 
Ayşanın lovğalığı bacı-qardaşlarını bezdirmişdi.
- Sənə yaxşılıq yoxdur, balaca lovğa! – Şənşan dedi.
- Ana, görürsən, onlar mənə lovğa deyirlər – balaca Ayşan ağlamsındı.
- Xəbərçi! – Kökşan dedi.
Bunu eşidən Ayşan cumdu Kökşanın üstünə, iki qardaş başladılar evin ortaslında dalaşmağa.
Ana onları sakitləşdirdi:
- Uşaqlar, bəsdi dalaşdınız! Ayşan özünü böyük sayır, qoy hər şeyi özü də eləsin. Məhsul bayramında kimin bostanı daha çox məhsul verəcək, onda məlum olacaq.
Dovşanlar səylə işləyib Məhsul bayramına hazırlaşırdılar. Tezliklə hamının bostanında tərəvəz cücərdi. Bircə Ayşandan başqa. Ayşan öz bostanını o qədər suvarmışdı ki, bitkilər saralmış, turplar solmuşdu. Çünki Ayşan hər gün onları torpaqdan çıxarıb baxırdı ki, görsün yetişiblər yoxsa yox.
Yazıq Ayşan elə kədərliydi ki... Hər şeyi təzədən əkmək lazım idi. Əl-qolunu çırmalayıb işə başladı. Kökşan ona acıq verdi. Ayşan da onu yumruqla hədələdi. Qardaşlar küsüşdülər.
Dovşanovlar ailəsində hərə öz işindən danışırdı. Ata dedi:
- Axşam yağış olacaq, səhər bostanı suvaramayacam.
- Səhər gərək bostanı alaq edəm, alaq otları yaman artıb. Dünən hava çox isti oldu, alaq eləyə bilmədim, – Nurşan dedi.
Ayşan bunları eşidir, gizlincə deyilənləri öyrənir, onlara əməl edirdi.
Məhsul bayramı ərəfəsində Ayşanın yamyaşıl bostanını kələm, turp, çiyələk bəzəyirdi. Əkdiyi güllərin ətri hər yana yayılmışdı. Ayşan hamıdan çox sevinirdi. İşləyir, yorulanda əlləri cibində, mahnı oxuya-oxuya gəzirdi.
Məhsul bayramı günü hamı tez oyandı. Ata dovşan Dovşan babanı da bayrama dəvət eləmişdi.
Gülşan həyətdən gül dərib evi bəzədi. Ana dovşan dadlı bir borş bişirdi.
Kökşan bostanın yanından keçəndə Ayşanın bostanında tısbağa gördü. İstədi qovsun, fikirləşdi Ayşandan küsülüdür, özü qovar.. Kökşan gedən kimi Tısbağa başını çanağından çıxardı:
- İndi ləzzətli çiyələk yeyərəm!
Bir azdan Ayşan bostana gəlib nə görsə yaxşıdır?! Tısbağa bostandakı məhsulun hamısını yeyib, gülləri də ayaqlarıyla əzib.
- Ey, utanmırsan, başqasının bostanından oğurluq eləyirsən?
Tısbağa axırıncı çiyələyi də ağzına atıb dedi:
- Görməmiş, çiyələyə görə də başqasını təhqir edərlər?
- Oğrunun biri, oğru, danışırsan da? –  Ayşan dedi.
- Yaxşı eləmişəm! – Deyib Tısbağa başını qınında gizlədi. Ayşan hirslə ona yaxınlaşıb bilmədi neyləsin ki, Tısbağadan qisas alsın, onu tərsə çevirdi.
Bütün Tısbağalar arxası üstə çevriləndə köməksiz olur.
Tısbağa Ayşana qışqırdı:
- Utanmırsan, məni çevirirsən? Mənim doxsan yaşım var!
- Sən bostanımdan oğurluq eləmisən! – deyə Ayşan ağlamsındı.
- Sakit ol balaca, səni incitmək istəmədim, sadəcə mənə çox tərəvəz yemək lazımdır.
Sən bikef olma. Mən sehr bilirəm. İstəsən bostanı əvvəlki kimi edərəm!
- Hə hə! Əlbəttə istəyirəm! Özü də tez elə.
- Bu saat! Amma sehr üçün mənə kəkotu, çobanyastığı bitkisi gətirməlisən.

Çəmənliyə getməmişdən qabaq məni əvvəlki qaydada çevir, yoxsa sehr alınmaz.
Ayşan gedən kimi Tısbağa  qaça-qaça dedi:
- Əlvida səfeh dovşan! Bir də çətin məni tutasan!
Ayşan qayıdanda Tısbağanı tapa bilməyib bikef oldu. Başa düşdü ki, hiyləgər tısbağa onu aldadıb. Elə pis oldu ki...Heç vaxt ayrılmadığı yumşaq oyuncağını qucağına sıxıb getdi köhnə tövləyə. Burda onu heç kim tapmazdı. Tövlənin küncündə kisənin üstündə oturub ağlamağa başladı.
Bu vaxt Ata dovşan Baba dovşan və uşaqlar bostana gəldilər. Ayşanın bostanını görən Kökşan qışqırdı:
- Aman, Ayşanın bostanını talayıblar!
Baba dovşan əyilib diqqətlə tapdalanmış ləklərə baxandan sonra dedi:
- Hə, bu hiyləgər, oğru Tısbağanın işidir...Hanı, Ayşan, gözümə dəymir!
Bütün ailə təşvişlə Ayşanı axtardı. Hamıdan çox Kökşan pis olmuşdu. Əgər o vaxtında tısbağanı Ayşanın bostanından qovsaydı bunlar olmayacaqdı. Birdən Kökşan
sevinə-sevinə qışqırdı:
- Bilirəm, Ayşan tövlədə olacaq!
Yavaşca qapını açıb tövləyə girəndə gördülər ki, balaca Ayşan yatıb. Amma yatmamışdan qabaq o qədər ağlayıb ki, üzü yamyaşdır. Ata dovşan Ayşanı qucağına alanda oyandı, başına gələnləri danışdı. Ayşan elə bilirdi ki, bacı-qardaşları ona güləcək. Amma heç kim  gülmədi.
- Bu hiyləgər Tısbağa həmişə oğurluq edir, sonra da hamını aldadır, - Ata dovşan dedi.
- Amma Ayşanın bostanı çox qəşəng idi! – Kökşan dedi. – Hətta gül də əkmişdi.
Hamı Ayşana dedi:
- Darıxma, kömək edərik, ondan da dadlı çiyələk əkərsən!
- Mən sənə böyürtkən kolu verərəm. – ata Dovşan dedi. Oğru  tısbağa onları yeyə bilməyəcək, çünki kola dırmaşa bilmir.
- Əla olar! Mən də sənə böyürtkən yığmağa kömək eləyərəm,  – ana Dovşan belə deyib balasını öpdü. Sonra ana Dovşan hamını süfrəyə dəvət elədi:
– İndi isə hamınız yığışın bayram süfrəsinə – borş yeməyə!
Bikef Ayşandan başqa hamı bir səslə “ura” deyə qışqırdı. Çünki borş Dovşanovlar ailəsinin sevimli yeməyiydi. Onun içərisində həm kələm, həm kök, həm də çuğundur olurdu.
Birdən balaca Ayşanın da kefi açıldı. O da ucadan qışqırdı:
- Məhsul bayramınız mübarək! Heç kəs bizim Məhsul bayramımızı poza bilməz!
Doğrudan da oğru Tısbağa Məhsul bayramını poza bilmədi. Dovşanovlar ailəsi sevinc içərisində bayram süfrəsinə yığışdı. Məhsul bayramı hər ilkindən daha şən keçdi. Çünki o qədər kök, kələm, çiyələk, çuğundur yığmışdılar, anbar ağzına qədər dolmuşdu.