Qarğa ilə Ceyranın dostluğu

Müəllif: Gülzar İbrahimova


Biri var idi, biri yox idi, bir Qara Qarğa var idi. Qarğanın çox pis xasiyyəti olduğuna görə onu heç kim sevmirdi. Qarğa bir gün fikirləşib qərara gəlir: “Elə bir dost tapmalıyam ki, ona görə məni sevib hörmət eləsinlər”.
Qarğa çox arayıb-axtardıqdan sonra Ceyranı seçir. O, hədiyyə  alıb Ceyrangilə gəlir və ona
deyir:
- Gəlmişəm səninlə dost olam.
Ceyran xeyli fikirləşib dedi:
- Sən quş, mən heyvan, bizim dostluğumuz tutmaz!
- Tutar, niyə tutmasın? Nəyə görə belə fikirləşirsən?
- Axı, dost gərək dostunun tayı olsun!
- Biz də bir-birimizə tay olarıq! 
- Dost gərək əsl dost olsun! Dara düşəndə dostu onun yanında olsun, ölümlə rastlaşsa, onu ölümdən qurtarmağa çalışsın, son tikəsini belə onunla bölüşsün, dostunun kədərini öz kədəri bilsin, onun üçün göz yaşı axıtmağı bacarsın.
- Bunların hamısını bacararam! Təki mənimlə dost ol, qalanı mənim boynuma. Lap istəyirsən məni sına da!
- Yaxşı, bir məni güldür görüm, necə güldürərsən?
-  Bu saat! Səni elə güldürüm, gülməkdən qarnın sancılansın. Dur gedək!
Qarğa uça-uça, Ceyran onun arxasınca qaça-qaça meşəyə getdilər. Bu vaxt yolla iki kəndli gedirdi. Onlar elə yorulmuşdular ki, əllərindəki ağır, uzun ağacı güclə aparırdılar. Qarğa işə başladı. Uçub qabaqda gedən kəndli tərəfdən ağaca qondu. Arxadan gələn kəndli çəkməsini çıxarıb quşa tulladı. Qarğa tez uçduğundan çəkmə kəndlinin başına dəydi. Kəndli hirsləndi:
- Çəkməni niyə başıma atırsan?
- Bağışla, quşa atırdım, sənə dəydi.
Kəndli nə qədər and-aman elədisə, yoldaşı ona inanmadı. Dava düşdü, nə düşdü. Kəndlilər əlbəyaxa oldular. Yaxınlıqda gizlənib avam kəndlilərin dalaşmasına baxan Ceyran gülməkdən sancılanmışdı.
Qarğa lovğalandı:
- Gördün, dedim sənə...
- Güldürmək elə də çətin deyil, ən çətini ağlatmaqdır, məni heç vaxt ağlada bilməzsən!
Qarğa dedi:
- Bu saat onu da eləyərəm! Sən bir kolluqda gizlən.
Ceyran kolluqda gizləndi. Qarğa özünü kəndə tərəf verdi. Kənddə bir dövrə vurub qayıtdı Ceyranın yanına. Kənd itləri bunu gözləyirdi. Cumdular Qarğanın ardınca kola. Qarğa bir göz qırpımında yoxa çıxdı. Kənd itləri Ceyranın üctünə cumub onu pis günə saldılar, Ceyran halsız yerə yıxılıb huşunu itirdi. Ayılanda gördü ki, Qarğa başının üstündədir:
- Görürsən, ən çətin vaxtında yanındayam. Bizdən yaxşı dost çıxar. 
Ceyran hiyləgər Qarğadan canını qurtarmaq istəyirdi. Odur ki, dedi:
- Tələsmə, hələ bir sınaq qalıb.
- Hansı sınaq?
- Sən quş, mən heyvan, dara düşsəm məni necə xilas edərsən?
- Gedək göstərim! - dedi Qarğa.
Onlar çay kənarına gəldilər. Qarğa “qarrr” eləyən kimi çaydan bir timsah çıxdı. Qarğa bu acgöz və ağılsız timsahı yaxşı tanıyırdı. Dedi:
- Bizi çayın o biri tayına keçirə bilərsən?
- Əlbəttə!
Ceyran tullanıb mindı Timsahın belinə. Quş da Timsahın belinə qonub bir tərəfdə dayandı. Çayın çayın ortasına çatanda Timsah ceyranı çayın ortasında ada kimi yerdə düşürüb dedi:
- Acından ölürəm, hər ikinizi yeməliyəm!
Qarğa bu dəfə də cəld tərpənib uçdu. Havada qanad çalıb güldü:
- O qədər ağılsız oldun, bu çoxbilmiş Ceyranı tanımadın? O, canını çöldən tapmayıb ki... Ona görə də hər dəfə çayı keçəndə canını daşın altında gizlədir. Sən heç vaxt onu yeyə bilməzsən! Bunun üçün təzədən o biri taya qayıdıb daşın altından canı götürüb Ceyranın üstünə qoymalısan. 
- Hə, nə olar, qayıdıb qoyaram, burda gülməli nə var ki?
Timsah təzədən Ceyranı belinə mindirib geri qayıdır. Sahilə çatan kimi Ceyran tullanıb qaçır. Timsah nə qədər qaçırsa, Ceyrana çata bilmir, yorulub kor-peşman geri qayıdır. 
- Bütün sınaqlardan çıxdım, indi gəl dost olaq, - dedi Qarğa.
- Olmaz!
- İndi niyə olmaz, dediklərin şərtlərin hamısını yerinə yetirdim!
- Olmaz, sənin kimi çoxbilmiş və fırıldaqçı ilə mənim dostluğum tutmaz! Dost gərək dostu ilə bir xasiyyətdə olsun ki, dostluqları tutsun!
Ceyran bunu deyib Qarğadan uzaqlaşdı. Qarğa peşman-peşman dedi:
- Bu qədər bacarıqlıyam, bilmirəm niyə heş kəs mənimlə dostluq eləmək istəmir...